Nə itim azıb mənim UK-də?
Daşkəsəndə niyə deyiləm?
Deyirəm bəlkə mühacirəm,
Mədəni mühacirəm,
Vətənimi itirmişəm.
Əlləri qanlı Avropada,
Qatillər böyütmüş adada,
Həmişə tutqun bu havada
Necə şux gəzim? Nəyə güvənim?
Kimi düşmən, kimi dost bilim?
Mənliyim fraqmentarlaşır,
Yarım sivil, yarım naşı.
Mən kiməm? Hara aidəm?
Qərb insanı, yoxsa şərqliyəm?
Və ümumiyyətlə bu suallar
Axı niyə məhz məni tapar?
Çox varlı, qanun-qaydalı
Mühacirət nəyə faydadır?
Uşaq vaxtı dərsliklərdə
Big-Benə baxıb köks ötürərdim.
İndi isə Big-Benli şəhərdə
Kəpəzdi yeganə dərdim,
Kəpəzimi kaş görsəydim.